
Fevralın
23-də Azərbaycan parlamentinin nümayəndə heyəti
Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş
tədbirlər silsiləsində iştirak etmək üçün Almaniyanın
Berlin şəhərinə yola düşmüşdür.
Milli Məclisin deputatları Fəttah Heydərov, Elton
Məmmədov, Fuad Muradov, Əkrəm Abdullayev və Aydın
Abbasov fevralın 23-dən 28-dək Berlində səfərdə
olacaqlar və Xocalı soyqırımı barədə həqiqətləri
Avropa ictimaiyyətinə çatdıracaqlar.
Deputatlarımız Azərbaycan səfirliyinin təşəbbüsü
ilə Bundestaqda keçiriləcək görüşdə Ermənistan-Azərbaycan
münaqişəsi, Dağlıq Qarabağ probleminin mahiyyəti,
azərbaycanlılara qarşı aparılan etnik təmizləmə
siyasəti barədə Almaniya parlamentinin üzvlərinə,
ictimaiyyətə və ziyalılara geniş məlumat verəcəklər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Xocalı
soyqırımının ildönümü ilə əlaqədar Almaniyadakı
“Azərbaycan evi”nin təşkilatçılığı ilə Berlinin
mərkəzində keçiriləcək yürüş-mitinqdə də iştirak
edəcəklər.