|
29 saylı Səbail seçki dairəsindən Azərbaycan Respublikası
Milli Məclisinə namizəd
Fuad Rauf oğlu MURADOVun
SEÇKİ PLATFORMASININ ƏSAS MÜDDƏALARI
Əziz seçicilər!
Siz daha yaxşı həyata layiqsiniz. Çünki Siz gözəl, zəngin bir
məmləkətin vətəndaşısınız. Mən əminəm ki, Azərbaycanın hər bir vətəndaşı
güclü sosial təminatlara malik, iqtisadi cəhətdən çiçəklənən, azad və demokratik
dövlətdə yaşamağa layiqdir. Mən dövlətçiliyimizin bu istiqamətdə inkişafı
uğrunda əlimdən gələni edəcəyəm. Mən hesab edirəm ki, Azərbaycan kimi bir
məmləkətdə yoxsul insan olmamalıdır. Buna görə də hər bir azərbaycanlıya ən
yüksək səviyyədə həyat şəraiti təmin edəcək sosial müdafiə sisteminin
yaradılmasına çalışacağam. Heç bir azərbaycanlı öz dövlətində köçkün
olmamalıdır. Azərbaycan torpağının bir zərrəsi belə düşmən tapdağında
qalmamalıdır. Mən Qarabağ probleminin gələcək nəslə ötürülməməsi üçün var
qüvvəmlə çalışacağam. Bunları fəaliyyətimin əsas prinsipləri kimi götürərək
Azərbaycan Respublikası Milli Məclisinə seçiləcəyim halda aşağıdakı vəzifələrin
həyata keçirilməsinə çalışacağam:
1. SOSİAL SAHƏDƏ
- Korrupsiyaya qarşı dövlət proqramının real tədbirlərlə gücləndirilməsi;
- Aşağı və orta gəlirə malik insanların mənzil problemlərinin həlli üçün
dövlət proqramlarının təşkil edilməsi, o cümlədən ipoteka kreditlərinin
uzunmüddətli olması, faiz dərəcələrinin və ilkin ödəmələrin aşağı
müəyyənləşdirilməsi;
- Küçə və məhəllədaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların
artırılması;
- Xüsusi ehtiyacı olan insanlara, əsasən də Qarabağ və Böyük Vətən
Müharibəsi əlillərinə və iştirakçılarına müavinətlərin əhəmiyyətli dərəcədə
artırılması;
- İş həftəsinin real olaraq 40 saata çatdırılması;
2. SİYASİ SAHƏDƏ
- Siyasi sistemin liberallaşdırılması və açıq, demokratik cəmiyyətin qurulması
üçün islahatların təşviq edilməsi;
- Fikir və söz azadlığının, fikir müxtəlifliyinin, başqalarının fikrinə və
əqidəsinə hörmətlə yanaşılmasının bütün vasitələrlə təmin edilməsi;
3. İQTİSADİ SAHƏDƏ
- Sahibkarlığın müdafiəsi üçün geniş miqyaslı kredit proqramlarının həyata
keçirilməsi;
- Kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrə vergi tətillərinin
tətbiq edilməsi;
- Sahibkarlıqla məşğul olan müəssisələrdən dövlət satınalmalarının
genişləndirilməsi;
4. TƏHSİL VƏ ELM SAHƏSİNDƏ
- Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və
təhsillə əlaqədar hüquqi bazanın təkmilləşdirilməsi;
- Məktəbəqədər, orta, orta-ixtisas təhsili müəssisələri işçilərinin
maaşlarının ən azı orta əmək haqqı səviyyəsinə qədər qaldırılması;
- Ali məktəb müəllimlərinin maaşlarının əhəmiyyətli dərəcədə qaldırılması;
- Yüksək əhəmiyyətli elmi layihə və təcrübələrin dövlət tərəfindən
maliyyələşdirilməsinin təmin edilməsi;
- Dünyanın aparıcı təhsil ocaqlarının elmi jurnallarının və populyar dərs
vəsaitlərinin Azərbaycanın ali təhsil müəssisələri üçün alınması və
tərcüməsinin, eləcə də elektron kitabxanaların yaradılmasının dövlət
səviyyəsində təşkil edilməsi və mövcud kitabxana bazalarının gücləndirilməsi;
- Təhsildə rüşvətxorluğun aradan qaldırılması üçün ictimai nəzarətin təşkili
və bu nəzarəti həyata keçirə biləcək sosial təsisatların (məs. Tələbə Nəzarət
Şurası) yaradılması və təşviq edilməsi;
5. SƏHİYYƏ SAHƏSİNDƏ
- Həkimlərin maaşlarının ən azı orta əmək haqqı səviyyəsinə qədər
qaldırılması;
- 5 yaşına qədər uşaqlar və 65 yaşından yuxarı yaşlıların pulsuz dərmanlarla
təmin edilməsi;
- Əhaliyə ucuz tibbi xidmətin təşkili üçün tibbi sığorta sisteminin tətbiq
edilməsi;
6. GƏNCLƏR SİYASƏTİ
- Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakını təmin etmək üçün
gənclərə və gənclər təşkilatlarına dövlət qayğısının artırılması;
- Ali təhsil aldıqdan sonra gənclərin işlə təmin edilməsinə dair hüquqi
bazanın yaradılması və icra mexanizmlərinin işlənib hazırlanması;
- Uşaq evləri və internat müəssisələrində tərbiyə və təhsil alan uşaqların 18
yaşdan sonra həyatları ilə əlaqədar hüquqi bazanın təkmilləşdirilməsi;
- Xüsusi istedada malik uşaq və gənclərin dövlət himayəsinə götürülməsi.
Mən Azərbaycanın hər bir vətəndaşının rifahı naminə bunları
etmək üçün var gücümlə çalışmağa, gənclik enerjimi əsirgəməməyə hazıram. Əgər
Siz də öz problemlərinizi həll etməyə və layiq olduğunuzu əldə etməyə
hazırsınızsa, öz səsinizlə mənə və mənim simamda sizə yardım edəcək Azərbaycan
gəncliyinə, Azərbaycanın bu gününə və sabahına səs verin!
|