Platforma
29 saylı Səbail seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Fuad Rauf oğlu Muradovun
SEÇKİ PLATFORMASI
Əziz seçicilər!
Siz daha yaxşı həyata layiqsiniz. Çünki Siz gözəl, zəngin bir məmləkətin vətəndaşısınız.
Mən əminəm ki, Azərbaycanın hər bir vətəndaşı güclü sosial təminatlara malik, iqtisadi cəhətdən çiçəklənən, azad və demokratik dövlətdə yaşamağa layiqdir. Mən dövlətçiliyimizin bu istiqamətdə daha da inkişafı uğrunda əlimdən gələni edəcəyəm.
Mən hesab edirəm ki, Azərbaycan kimi bir məmləkətdə yoxsul və ya işsiz insan olmamalıdır. Buna görə də hazırkı sosial müdafiə sisteminin hər bir azərbaycanlıya ən yüksək səviyyədə həyat şəraiti təmin edəcək səviyyəyə qaldırılmasına çalışacağam.
Heç bir azərbaycanlı öz dövlətində köçkün olmamalıdır. Azərbaycan torpağının bir zərrəsi belə düşmən tapdağında qalmamalıdır. Mən Azərbaycanın ərazi bütövlüyünün bərpasının gələcək nəslə ötürülməməsi üçün var qüvvəmlə çalışacağam.
Keçən beş ildə 2500-dən çox Səbailli ilə təkbətək görüşmüşəm. 200-ə yaxın ailənin bu və ya digər probleminin həllində yardımçı olmuşam. Lakin hələ görüləcək çox işlərimiz var. Bu beş ildə Səbailin problemlərini küçə-küçə, ev-ev öyrənmişəm. Bayılın və 20-ci sahənin kanalizasiya, su, yolların asfalt örtüyü kimi problemlərinin, Badamdarın uzun müddətdir həll olunmamış qalan su probleminin və sadalamadığım daha neçə-neçə problemlərin həlli bizi gözləyir.
Bunları nəzərə alaraq Azərbaycan Respublikası Milli Məclisinə seçiləcəyim halda aşağıdakı vəzifələrin həyata keçirilməsinə çalışacağam:
1. SOSİAL SAHƏDƏ
- Korrupsiya ilə mübarizə sahəsində daha ciddi nailiyyətlər əldə etmək üçün 2011-ci ildə başa çatması planlaşdırılan “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” müddətinin uzadılması;
- Aşağı və orta gəlirə malik insanların mənzil problemlərinin həlli üçün social ipoteka kreditlərinin alınması üçün qoyulan şərtlərin daha da yumşaldılması;
- Küçə və məhəllədaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların artırılması;
- Xüsusi ehtiyacı olan insanlara, əsasən də Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə və iştirakçılarına müavinətlərin əhəmiyyətli dərəcədə artırılması;
2. İQTİSADİ SAHƏDƏ
- Vətəndaşların SSRİ dövründə əmanət kassalarında qalmış pul vəsaitlərinin qaytarılması üçün real tədbirlərin görülməsi;
- Müxtəlif səbəblərdən sənədləşdirilməmiş torpaqlarda evlərin tikilməsi ilə əlaqədar olaraq problemlə üzləşən az təminatlı insanlar üçün torpaq amnistiyasının verilməsi və ya bu problemin sadə insanların xeyrinə ən münasib həllinin tapılması;
- Sahibkarlığın müdafiəsi üçün geniş miqyaslı kredit proqramlarının həyata keçirilməsi;
- Kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrə vergi tətillərinin tətbiq edilməsi;
- Sahibkarlıqla məşğul olan müəssisələrdən dövlət satınalmalarının genişləndirilməsi;
3. TƏHSİL VƏ ELM SAHƏSİNDƏ
- Məktəbəqədər, orta, orta-ixtisas təhsili müəssisələri işçilərinin maaşlarının ən azı orta əmək haqqı səviyyəsinə qədər qaldırılması;
- Ali məktəb müəllimlərinin maaşlarının əhəmiyyətli dərəcədə artırılması;
- Yüksək əhəmiyyətli elmi layihə və təcrübələrin dövlət tərəfindən maliyyələşdirilməsinin təmin edilməsi;
- Dünyanın aparıcı təhsil ocaqlarının elmi jurnallarının və populyar dərs vəsaitlərinin Azərbaycanın ali təhsil müəssisələri üçün alınması və tərcüməsinin, eləcə də elektron kitabxanaların yaradılmasının dövlət səviyyəsində təşkil edilməsi və mövcud kitabxana bazalarının gücləndirilməsi;
- Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin tam olaraq həyata keçirilməsi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi;
- “Elm haqqında” və “Ali təhsil haqqında” qanunların tezliklə qəbul edilməsi.
4. SƏHİYYƏ SAHƏSİNDƏ
- Həkimlərin maaşlarının ən azı orta əmək haqqı səviyyəsinə qədər qaldırılması;
- 5 yaşına qədər uşaqlar və 65 yaşından yuxarı yaşlıların pulsuz dərmanlarla təmin edilməsi;
- Əhaliyə keyfiyyətli tibbi xidmətin təşkili üçün tibbi sığorta sisteminin tətbiq edilməsi;
5. GƏNCLƏR SİYASƏTİ
- Ali təhsil aldıqdan sonra gənclərin layiqli işlə təmin edilməsinə dair hüquqi bazanın yaradılması və icra mexanizmlərinin işlənib hazırlanması;
- Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakını təmin etmək üçün gənclərə və gənclər təşkilatlarına dövlət qayğısının artırılması;
- Uşaq evləri və internat müəssisələrində tərbiyə və təhsil alan uşaqların 18 yaşdan sonrakı həyatları ilə əlaqədar hüquqi bazanın təkmilləşdirilməsi və onlara birdəfəlik maddi yardımın verilməsi;
- “Gənclər fondunun” yaradılması
Mən Azərbaycanın hər bir vətəndaşının rifahı naminə bunları etmək üçün var gücümlə çalışmağa, gənclik enerjimi əsirgəməməyə hazıram. Əgər Siz də öz problemlərinizi həll etməyə və layiq olduğunuzu əldə etməyə hazırsınızsa, öz səsinizlə mənə və mənim simamda sizə yardım edəcək Azərbaycan gəncliyinə, Azərbaycanın bu gününə və sabahına səs verin!!
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14
















