Sağlam gələcək sizinlə gələcək!
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Sağlam gələcək sizinlə gələcək!” şüarı altında iki günlük tədbir həyata keçirib. Dekabrın 24-də keçirilən açılış mərasimində millət vəkili, ARGTMŞ-nın sədri Fuad Muradov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd müxtəlif yaş qruplarından ibarət gənclərə cəmiyyətdə formalaşmaq, pis vərdişlərdən çəkinmək və sağlam həyat tərzi keçirməyi aşılamaqdır: “Biz təşkilat olaraq gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili sahəsində müxtəlif layihələr həyata keçirməkdə maraqlayıq. Azərbaycanda dövlət başçısı İlham Əliyevin apardığı siyasət, gənclərə göstərilən diqqət və qayğı göz qabağındadır. Əminəm ki, Azərbaycan bütövləşən və daima öz üzərində işləyən gəncliyi ilə ərazi bütövlüyünü bərpa edəcək. Bu işləri biz hamımız birgə görəcəyik. Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı qərar da bilavasitə dövlət başçısının gənclərə olan diqqətidir. Bu gün Azərbaycan gənclərinin elmə və müasirliyə, dünyaya inteqrasiya olunması həvəsi onu göstərir ki, gəncliyimiz gün-gündən inkişaf edir. Həqiqətən də bu gün Azərbaycanda sağlam gənclik var və yetişməkdədir. Bu da hər bir ölkənin gələcək inkişafı və yüksəlişi üçün çox vacib şərtdir. Arzu edirəm və inanıram ki, 2012-ci ildə biz tədbirlərimizi Şuşada keçirəcəyik”. Fuad Muradov çıxışında dövlət başçısı İlham Əliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib və ona arzularını çatdırıb. Millət vəkili onu da bildirib ki, bu tədbir ARGTMŞ-nın bu il üçün nəzərdə tutulan son tədbiridir. Çıxışında F. Muradov Azərbaycan xalqını və gəncləri qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
“Sağlam gələcək sizinlə gələcək!” adlı tədbirdə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, tələbələr iştirak edib. Tədbirdən sonra gənclər üçün əyləncəli proqram təşkil edilib.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















