Fuad Muradov virtual dostları ilə görüşdü

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Millət vəkili Fuad Muradov “Facebook” və “Twitter” sosial şəbəkələrində olan bir qrup virtual dostları ilə canlı görüş keçirib. Səmimi şəraitdə və çay süfrəsi arxasında baş tutan görüşdə iştirak edənlərin əksəriyyəti gənclər olub. 

Bu görüşdə Fuad Muradov bildirib ki, “heç bir vasitə canlı ünsiyyət qədər insanları bir-birinə yaxın edə bilmir. Düzdür, bu gün sosial şəbəkələr, müxtəlif forumlarda biz bir-birimizlə əlaqə saxlayır, fikirlərimizi paylaşırıq. Amma monitor arxandan insanları daha dəqiq tanımaq olmur. Mən bilmirəm, müxtəlif sosial şəbəkələrdəki qruplarda birləşmiş insanlar bəlkə də bir-biriləri ilə real həyatda görüşür, amma millər vəkili qismində biz ilk dəfə belə bir addım atdıq. Mən seçicilərimlə tez-tez görüşürəm, insanlarla daim ünsiyyətdəyəm. Amma sizinlə görüşdə əsas məqsədlərdən biri də daha yaxından tanış olmaq, müxtəlif mövzularda fikir mübadiləsi aparmaqdır.” 

Görüşdə iştirak edənlərin hər biri özünü təqdim edib, qısa olaraq öz haqqında məlumat verdi. Onlar arasında tələbələr də var idi, ali təhsilini başa vurub müxtəlif sahələrdə çalışanlar da. Amma ilk əvvəl heç kim “birinci başlamaq” sindromunu sındırmağa cəhd etmədi. Fuad Muradovun “tam səmimi olaq, burda rəsmiyyət yoxdur” sözlərindən sonra Rüstəm adlı gənc ilk olaraq danışdı. O, ölkədəki gənclər təşkilatlarının fəaliyyətindən danışaraq yeni bir təşəbbüs göstərdikləri və gənclər təşkilatı yaratdıqlarını, amma qeydiyyat məsələlərində müəyyən çətinliklərin olduğunu bildirdi. Fuad Muradov isə onun mexanizmləri barədə yardımçı ola biləcəklərini və Gənclər Təşkilatları Milli Şurasına müraciət etməyi tövsiyə etdi. 

Müzakirə mövzularından biri də bu gün ölkə televiziyalarında gənc nəslin inkişafına yönəlmiş verilişlərlə əlaqədar idi. Gənc jurnalist Nuranə xanım  əvvəllər ekranda daha çox olan bu cür proqramların son zamanlar şou ilə əvəzləməsinə münasibətini bildirdi. “İndi ekranlarda daha çox şou verilişlər olur. Məsələn, bir vaxtlar sizin kimi gənclər daha çox televiziya verlişlərində çıxış edirdi, biz sizin çıxışlarınızla böyümüşük. Amma indi biz bunun əksini müşahidə edirik.” Fuad Muradov isə bu fikirlərə münasibət bildirərək əlavə etdi ki, bu problem mövcuddur və biz bunun həlli yollarını axtarırıq. “Ölkə başçısı ilə görüşdə də biz bu məsələni qaldırdıq. İndi yeni gənclər üçün kanalın yaradılması təklifi irəli sürülüb. Yəqin ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.” 

Bu gün ölkəmizdə əsas məsələnin Azərbaycanın ərazi bütövlüyü  məsələsini olduğunu diqqətə çatdıran millət vəkili bildirdi ki, “hər bir gənc, hər bir Azərbaycan vətəndaşı öz tutduğu mövqedən, vəzifədən asılı olmayaraq,  bacardığı qədər ərazi bütövlüyünü özünün ən birinci məsələsi hesab etməlidir. Bu gün torpaqlarımız işğal altındadır. Biz sadəcə ildə bir dəfə işğal günlərində bunu yad etməməliyik. Bu hər zaman bizim gündəlik həyatımızda olmalıdır. Necə ki, cənab prezident İlham Əliyev bunu öz gündəlik həyatında edir. Məsələn biz Avropada, müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq. Amma görünür bu da hələ azdır. Biz çox işlər görməliyik ki, ölkəmiz dünyada tanınsın və biz öz haqq səsimizi bəyan edək.”

Bu mövzu ətrafında da müxtəlif fikirlər oldu. Gənclər bildirdilər ki, ərazi bütövlüyü məsələsi yalnız sözlə deyil, əməldə də təsdiq edilməlidir. Hətta iştirakçılardan biri qeyd etdi ki, bu yaxınlarda Almaniyaya magistr təhsili almaq üçün gedəcək. Fuad Muradov isə ona gedəcəyi ölkədə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyə etdi. 

Gənclərdən biri isə üçdilli Qafqaz portalı və burada erməni, gürcü və azərbaycan dilində materialların yerləşdirilməsini məqsədəuyğun hesab etdi. “İndi dünya inkişaf etdikcə, gənclər bunu daha tez sezir. Bəlkə də bu gün Ermənistanda mövcud vəziyyəti qəbul etməyən gənclər həddindən artıq çoxdur. Onlar da sülh istəyirlər. Biz onlara həqiqətləri öz dillərində çatdırsaq, düşünürəm ki, bunu da effekti olar.”

Fuad Muradov həm də Azərbaycanda ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının sədri olduğu üçün bu barədə də müxtəlif suallar oldu. Hazırda gənclər sektoruna diqqətin daha çox ayrıldığını bildirən millət vəkili qeyd etdi ki, biz zamanlar bir kompüterlə, kiçik bir otaqda toplaşmaqla başlayan bu hərəkat bu gün özünü doğruldub. “İndi bizim dünyaya çıxışımız daha çoxdur. İnternet, sosial şəbəkələr var. Odur ki, bütün bunlardan maksimum dərəcədə istifadə etməliyik. Milli Şura olaraq biz Avropa Gənclər Forumunun üzvüyük və burada da işlərimizi görürük. Milli Şura hər bir gənc üçün açıqdır. Bizim könüllərimiz bu gün tədbirlərimizdə bizə yaxından kömək edir. Bizim məqsədimiz ölkəmin inkişafında fəal iştirak etməkdir.”

Görüşdə gəncləri maraqlandıran bir sıra digər məsələlər də ətrafında fikir mübadiləsi aparıldı. Bu cür görüşlərin davamlı olması fikri irəli sürüldü.

Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az