| 31.07.2007
Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət
dəstəyi Konsepsiyası” ictimai təşkilatların sərbəst
fəaliyyətinin təmin edilməsi istiqamətində atılan
mühüm addım kimi qiymətləndirilir
Millət vəkili, Azərbaycan Respublikası
Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad
Muradovun vətəndaş cəmiyyəti quruculuğu prosesində
əhəmiyyətli rolu olan QHT-lərin inkişafı üçün
daha böyük imkanlar yaradan konsepsiya barədə
fikirləri və düşüncələri maraqlıdır.
-Fuad müəllim,
demokratik islahatlar yolu ilə dünya birliyinə
inteqrasiya edən Azərbaycanda QHT-lərin fəaliyyəti
üçün münbit şərait həmişə olub. Konsepsiyanın
qəbulu isə mövcud imkanları daha da genişləndirir.
Çoxsaylı gənclər təşkilatını ətrafında birləşdirən
Milli Şuranın rəhbəri kimi, konsepsiyanın əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
-Cəmiyyətin həyatında özünəməxsus
yeri olan qeyri-hökumət təşkilatlarının fəaliyyətini
genişləndirmək demokratiyanın əsas şərtlərindən
biri kimi daim diqqətdə saxlanılır. İctimai təşkilatların
milli maraqlara, dövlətçilik siyasətinə uyğun
istiqamətləndirilməsi üçün təkmil bir sənədin
hazırlanması günün tələbindən qaynaqlanan ehtiyac
kimi aktuallığını daim hiss etdirirdi. Bu istiqamətdə
geniş miqyasda hazırlıq işləri aparılırdı. Adı
çəkilən konsepsiyanı gərgin araşdırmaların, ekspertlərin
obyektiv rəyinin nəticəsi kimi qiymətləndirmək
daha düzgün olar. Demokratiya yolu ilə irəliləyən
Azərbaycanda açıq cəmiyyətin möhkəmlənməsi üçün
vacib şərtlərdən biri də QHT-lərin inkişafıdır.
Təcrübə göstərir ki, dövlət orqanları ilə QHT-lərin
birgə fəaliyyəti sayəsində mühüm əhəmiyyətli layihələrin
həyata keçirilməsi mümkündür və müsbət nəticə
verir. “ Qeyri- hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən QHT-lərin fəaliyyətində keyfiyyət
dəyişikliyi baş vermiş, demokratik islahatların
aparılması sahəsində yeni mərhələ başlanmışdır.
Görülən tədbirlər nəticəsində ölkədə demokratikləşmə
prosesinin önəmli institutlarından birinə çevrilən
belə birliklərin daha intensiv fəaliyyəti təmin
olunmuş, dövlət tərəfindən göstərilən qayğı və
diqqət artırılmışdır. Qanuna müvafiq olaraq BMT-nin
İnkişaf Proqramı ilə birgə Qeyri-Hökumət Təşkilatlarının
Təlim və Resurs Mərkəzi, kifayət qədər məqsədyönlü,
sabit qruplar yaradılmışdır.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasının qeyri - hökumət
təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” ölkədə
ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən
biri kimi qiymətləndirilməlidir.
- Deyildiyi
kimi, bu konsepsiyanın tətbiqi ilə ictimai birlikləri
düşündürən problemlər həllini tapacaq, maliyyə
şəffaflığı təmin olunacaq.
- Sənəddə qeyd olunduğu kimi,
QHT-lərə dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə
yeni münasibətlər modelinin formalaşdırılması,
vətəndaşlıq təşəbbüsünün artırılması, milli maraqların
qorunması üzrə fəaliyyət göstərən birliklərin
sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması,
dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb
edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Hazırda ölkədə məcburi qaçqın və köçkünlərin,
əlil və veteranların sosial problemlərinin həlli
ilə məşğul olan 73 QHT fəaliyyət göstərir. Hüquq
müdafiəsi ilə bağlı 121, uşaq və gənclərlə bağlı
191, gender məsələləri üzrə 79, səhiyyə yönümlü
68, ekologiya sahəsində 77, iqtisadi yönümlü 218,
sahibkarlıqla bağlı 63, təhsil, elm və texnika
ilə məşğul olan 176 birlik qeydiyyatdan keçmişdir.
Qəbul olunan yeni konsepsiyanın əsas məqsədi QHT-lərə
dövlət dəstəyinin formalaşması və həyata keçirilməsi
üçün lazımi hüquqi bazanın formalaşması və maliyyə
dəstəyinin artırılmasıdır. Nəzərdə tutulur ki,
sosial problemlərin həllində, dövlətin bu istiqamətdə
həyata keçirdiyi siyasətin prioritetlərinin müəyyənləşdirilməsində
QHT-lərin dövlət orqanları ilə birgə əməkdaşlığı
genişləndirilsin, maliyyə məsələlərində aşkarlıq
və obyektivlik təmin olunsun, dövlət tərəfindən
maliyyələşən proqramlar və layihələr üzrə təsdiq
olunmuş müqavilələrin şərtləri yerinə yetirilsin.
Təkmil bir proqram və istiqamətverici sənəd olan
konsepsiyada göstərilir ki, QHT-lərə maliyyə dəstəyi
dövlət və cəmiyyət üçün əhəmiyyətli problemələrin
həllinə yönəldiləcək. Məqsədli proqram, layihə
və tədbirlərin müsabiqə əsasında dövlət büdcəsindən
maliyyələşməsi nəzərdə tutulur. Əsas prioritetlər—
Dağlığ Qarabağ münaqişəsində Azərbaycanın tutduğu
ədalətli mövqeyin beynəlxalq ictimaiyyətə çatdırılması,
azərbaycançılıq ideyasının təbliği, ölkəmizin
dünya birliyinə inteqrasiyası, insan hüquq və
azadlıqlarının təmin olunması, xarici ölkələrdə
fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığın, söz,
fikir azadlığının genişləndirilməsi, ətraf mühitin
qorunması və digər sahələrdir. Bunun üçün dövlət
orqanları ilə ictimai birliklər arasındakı əməkdaşlığın
möhkəmləndirilməsini şərtləndirən normativ hüquqi
aktlar hazırlanması başlıca tələb kimi qarşıya
qoyulur, münasibətlər mexanizmi təkmilləşdirilir.
-Fuad müəllim,
sənəddə QHT-lərə dövlət dəstəyinin əsas prinsip
və formaları daha təkmil şəkildə öz əksini tapır.
Bunu ictimai birliklərin həyatında yeni mərhələ
kimi qiymətləndirmək daha düzgün olardı.
-Konsepsiyanın qəbulu QHT-lərin
inkişafının və azadlığının təmin edilməsi istiqamətində
atılan mühüm addım kimi dəyərləndirilməlidir.
Çünki dövlət dəstəyi mühüm problemlərin həllində
daha yaxından iştirak edən ictimai təşkilatların
imkanlarını genişləndirəcək, onların müstəqilliyini
və nüfuzunu artıracaqdır. 5 hissə və yekun müddəadan
ibarət sənəddə ölkədəki QHT-lərin fəaliyyəti,
hazırkı vəziyyəti və inkişaf perspektivləri, onlara
dövlət dəstəyinin əsas prinsipləri geniş təhlil
olunur, problemlərin həlli istiqamətləri, şərtləri
və icra mexanizmi müəyyənləşdirilir.
Təcrübə də göstərir ki, dövlət və vətəndaş cəmiyyəti
arasında qarşılıqlı fəaliyyət, əsasən sosial problemlərin
həllinə yönəldilmiş dialoqların, forumların sistemli
təşkili əhali tərəfindən razılıqla qarşılanır.
Qeyri- hökumət təşkilatlarının məsələləri üzrə
qurumun, ictimai təşkilatlara maliyyə dəstəyi
göstərəcək QHT-lərə yardım Fondunun yaradılması,
monotorinqlərin keçirilməsi, milli informasiya-
analitik şəbəkənin inkişaf etdirilməsi, məlumat
bazasının təşkili və mütəxəssis tövsiyələrinin
hazırlanması kimi təkliflər müsbət nəticəsini
göstərəcək. Konsepsiya barədə çox mütərəqqi fikir
və rəylər mövcuddur. Əsas tələb odur ki, bütün
QHT- lər gördükləri işlər, sərf etdikləri maliyyə
vəsaitləri barədə müntəzəm məlumat verməli, fəaliyyətlərini
milli maraqlara uyğun istiqamətləndirməlidirlər.
-Bu baxımdan
əminliklə söyləyə bilərik ki, dövlət və cəmiyyət
üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş
məqsədli proqram, layihə və tədbirlərin dövlət
tərəfindən maliyyələşməsinin ilkin və əsas şərtlərindən
olan və tərəfdaşlığa əsaslanan maliyyə -müqavilə
münasibətlərinin formalaşdırılması, nəticələrin
qiymətləndirilməsi vacibdir.
- Milli fəaliyyət proqramlarının
hazırlanması, dövlət və QHT-lər arasında əməkdaşlıq
üzrə beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması
günün aktual məsələlərindəndir. Qanunvericilik
bazasının təkmilləşdirilməsi dövlət orqanları
ilə QHT-lər arasında tərəfdaşlıq münasibətlərinin
sabit və effektiv sisteminin yaradılmasına xidmət
edəcəkdir. Dağlıq Qarabağ probleminin ədalətli
həllində, həqiqətin dünya birliyinə çatdırılmasında
düşünülmüş tədbirlər planı olan ictimai təşkilatların
rolu yüksək qiymətləndirilir. Sənədin həyata keçirilməsi
ilə QHT-lərin sərbəst fəaliyyəti üçün imkanlar
yaradılacaq, onların xarici maliyyə institutlarından
asılılığı kimi neqativ hallar aradan qaldırılacaq.
Düzdür, ən mütərəqqi addımlarda belə qaranlıq
məqamlar axtaran radikalların himayəsi altında
olan bəzi qurumlar (məsələn, “ hüquq müdafiəçiləri”
kimi tanınan, güya insan hüquqlarının müdafiəsi
ilə məşğul olduğunu bildirənlər kimi) belə təkmil
sənədi də gözdən salmaq üçün saxta, əsassız bəhanələr
səsləndirəcək, QHT-lərə göstərilən maliyyə dəstəyini,
onlara verilən sərbəstliyi “ QHT sektorunu nəzarətə
götürmək cəhdi “ kimi qələmə verməyə çalışacaqlar.
Lakin çoxsaylı ictimai təşkilatların ətrafında
birləşən sağlam düşüncəli vətəndaşların konsepsiya
barədə münasibəti birmənalı olaraq müsbətdir.
Sənəddən irəli gələn vəzifələri QHT-lərin inkişafında
yeni mərhələ hesab edənlərin yekdil fikri budur
ki, konsepsiyanın tətbiqi ilə dövlət və cəmiyyətin
inkişafı üçün çalışan vətəndaşların səyləri bir
məqsədə, sağlam vətəndaş cəmiyyətinin möhkəmlənməsinə
yönəldiləcək.
Xuraman İsmayılqızı, “İki
sahil”
|