Bu gün 2 fevral - Gənclər günüdür. Bu gün 1996-cı
ildə ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə
göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.
Artıq 8 ildir Azərbaycan gəncləri öz əlamətdar
günlərini təntənəli şəkildə qeyd edirlər. Bu
gün də müxtəlif tədbirlər keçiriləcək. Belə
bir əlamətdar gün münasibəti ilə Gənclər Təşkilatları
Milli Şurasının sədri, millət vəkili Fuad Muradovla
söhbət etdik. Söhbətimiz əsasən, gəncləri narahat
edən problemlər və qarşıda duran vəzifələrlə
bağlı oldu. Milli Məclisin ən gənc deputatı
əvvəlcə 2 fevral - Gənclər gününün yaranma tarixindən
danışdı.- 2 fevral - Gənclər günü MDB məkanında
və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanda qeyd olunub. Bu da 1996-cı ildə
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
baş verib. Orada əsas məqsəd o idi ki, müxtəlif
sahələrdə fəaliyyət göstərən gənclər hər il
forum keçirərək bu sahədə görülən işlər və çatışmazlıqlarla
bağlı Azərbaycan prezidentinə məlumat versinlər.
Bu forum təkcə Bakını yox, bütün Azərbaycanı
əhatə edir. Bütün regionun gəncləri hər il prezidentlə
görüşərək öz təkliflərini, fikirlərini çatdırırdılar.
Bəzən elə olurdu ki, gənclərin hansısa problemi
elə yerindəcə həll olunurdu. Yəni gənclər artıq
bilirdilər ki, ildə bir dəfə də olsa öz problemlərini
və fikirlərini ölkə başçısına çatdıracaqlar.
Gənclərin qaldırdığı problemlər ümummilli lider
tərəfindən həmişə müsbət həll olunurdu. Hətta
onu da qeyd edim ki, bu gün Gənclər Təşkilatları
Milli Şurasının yerləşdiyi qərargah məhz Heydər
Əliyevin sərəncamı ilə bizə ayrılıb. Bildiyiniz
kimi, o vaxtlar Azərbaycanın vəziyyəti o qədər
də yaxşı deyildi. Amma bütün çətinliklərə baxmayaraq
Heydər Əliyev gənclərə böyük diqqət göstərirdi.
1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər
günü qeyd olunandan sonra digər MDB ölkələrində
və Şərqi Avropa dövlətlərində də bu gün qeyd
olunmağa başladı. Bu, həm simvolik gündür, həm
də mahiyyətcə çox vacibdir. Hər il Gənclər günündə
bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər
yekun hesabat verirlər. Bizim vəzifəmiz daim
bu işlə məşğul olmaqdır.
- 2 fevral - Gənclər günü münasibətilə hansı
tədbirlər keçirmisiniz və keçirəcəksiniz?
- Biz tədbirlərimizi ilin əvvəlində müəyyənləşdiririk.
Artıq yanvarın 28-dən etibarən öz tədbirlərimizi
keçirməyə başlamışıq. Son bir il ərzində gənclər
təşkilatları ilə bağlı gördüyümüz işlərin hesabatını
vermişik. Milli Şuranın geniş toplantısını da
keçirmişik və gəncləri narahat edən problemləri
müzakirəyə çıxardıq. Bundan başqa, QHT-lərə
Dəstək Şurasında təmsil olunmaq yollarını da
müzakirə etdik. Növbəti günlərdə regionlardakı
gənclərlə görüşlər keçirəcəyik. Biz indi ölkə
başçısı İlham Əliyevlə keçirdiyimiz görüşlərdən
sonra gənclərin problemlərinin həlli ilə bağlı
müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyət
göstəririk və bununla bağlı növbəti tədbirlərimiz
də olacaq. Nəzərdə tuturuq ki, fevral ayının
sonlarında regionlardakı gənclərin ümumi toplantısını
keçirək. Bundan başqa, Avropa Gənclər Fondu
ilə birgə beynəlxalq təlim kursuna hazırlaşırıq.
Bu kurs aprel ayında Bakıda baş tutacaq. Bizim
çoxdan çalışdığımız planlar da artıq həyata
keçməkdədir. Bu gün (dünən) Milli Məclisdə "Gənclər
siyasəti haqqında" qanuna 5 dəyişiklik
edildi. Bu dəyişikliyə görə, özəl və dövlət
sektorunda çalışan gənclər hərbi xidmətə gedib
qayıdandan sonra əvvəlki iş yerinə bərpa oluna
bilərlər. Bu məsələ sözügedən qanunda qeyri-müəyyən
şəkildə əks olunurdu. Amma indiki dəyişiklikdə
konkretləşdirildi. Çünki bu məsələ ilə bağlı
bizə minlərlə şikayət daxil olurdu. Bütün bunlar
həm gənclərin, həm də gənc millət vəkillərinin
fəaliyyətinin nəticəsidir.
- XXI əsr gəncləri ilə XX əsr gəncləri arasında
milli şüur və dünyagörüşü baxımından hansı fərqi
görürsünüz?
- Biz "Təhsil haqqında" qanun layihəsini
qəbul edəndə orada məni narahat edən bir məsələ
var idi. Bu da Azərbaycanın milli təhsil adətlərinin
qorunması ilə bağlı hansısa fəaliyyətdən ibarətdir.
Bildiyiniz kimi, indi bütün dünyada qloballaşma
prosesi gedir. Bu gün biz çalışmalıyıq ki, ümumbəşəri
məsələlərlə məşğul olaq. Təhsil, səhiyyə ümumbəşəridir.
Şəxsən mən bir gənc olaraq təhsil ənənələri
deyəndə burada nəyin nəzərdə tutulduğunu anlamıram.
Çünki mən Sovet dövründə təhsil almışam və həmin
ənənə milli yox, sovet ənənəsi olub. Ondan əvvəlki
ənənə də milli olmayıb. Mənim üçün Azərbaycan
gənclərində olan intellektual səviyyə Avropadan
və digər dünya ölkələrindən qat-qat üstündür.
Yəni bizdə olan səbr, təmkin başqa xalqlarda
yoxdur. Bəlkə də bunlar bizim xalqın simvoludur.
Bu baxımdan hesab edirəm ki, bugünkü gənc müasir
texnologiyalara yiyələnməli, onlardan geniş
istifadə etməyi bacarmalı və təbii ki, özünü
qloballaşan dünyanın bir hissəsi kimi qəbul
etməlidir. Yəni keçmiş düşüncəsi ilə yaşamaq
olmaz. Doğrudur, tarix çox vacibdir. Biz bunu
bilməliyik. Amma bundan da vacibi odur ki, biz
bu günümüzü və sabahımızı necə müəyyənləşdirməliyik.
15 il əvvəlki Azərbaycan gəncini bugünkü gənclə
müqayisə edəndə görürsən ki, indi Azərbaycan
gəncliyi stabillik istəyir. Keçmişini unutmayan
Azərbaycan gəncliyi gələcək üçün addımlar atmalıdır
və artıq bu gün bu proses baş verir. Bu gün
Azərbaycan prezidenti dəfələrlə bəyan edir ki,
gənclərə həmişə dəstək verməyə hazırdır və bizi
gəncləri narahat edən problemləri birgə həll
etməyə çağırır.
Elməddin MURADLI
1 fevral 2008
Şərq