Gənclər, gələcək, davamli inkişaf, tərəqqi

Şrift ölçüsü: Decrease font Enlarge font
Müasir Azərbaycan gənclər dövlətidir. Həyatın bütün sahələrində gənclər xüsusi fəallığı ilə seçilir, cəmiyyətin məsul və şərəfli yükünü daşıyırlar. Ölkənin müdafiəsi kimi məsuliyyətli bir yük gəncliyin çiynindədir. Gənclərin böyük bir hissəsi təhsil alır, elm və peşələrə əzmlə yiyələnirlər. Müstəqil ölkəmizi dünyada tanıdan və təmsil edən də gənclərdir.

Dünyanın hər yerində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsi, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Müasir dövrdə inkişaf edən və qüdrətlənən Azərbaycanda gənclər daha çox önəm daşıyırlar. İnkişafın sürətləndirilməsində gənclərin rolu şübhəsiz ki, danılmazdır. Gənclərin hüquqlarının təmin olunması və onların iştirakının stimullaşdırılması milyonlarla insanın həyat səviyyəsi keyfiyyətlərini müəyyən edir.

Azərbaycan gəncliyinin potensialına böyük önəm verən və ölkənin inkişafında gənclərə ümidlər bəsləyən Ümummilli liderimiz Heydər Əliyevin diqqəti sayəsində gənc nəslin inkişafı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması məqsəd olaraq müəyyənləşdirilmişdir. Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasından sonra 1994-cü ildə yaradılmış ilk dövlət qurumu da Gənclər və İdman Nazirliyi olmuşdur. Azərbaycan Gənclərinin I Forumunda Ulu öndər Heydər Əliyev müasir gəncliyin qarşısında duran başlıca vəzifəni belə formalaşdırmışdır: “Vəzifələr çoxdur, bu barədə saatlarla danışmaq olar, ancaq ümumi şəkildə desək, gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır... Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin həyata keçirilməsini özünüz üçün həyat məqsədi kimi qəbul edəcəksiniz və bunları həyata keçirməyə çalışacaqsınız”. 

Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi və Heydər Əliyev sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi.
1995-ci ildə gənclər təşkilatları tərəfindən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olunmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Gənclər Siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, gənclərin iştirak səviyyəsinin yüksəldilməsində və gənclərin təşəbbüskarlığının artırılmasında, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin əldə edilməsində, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında real uğurlara imza atmışdır. Milli Şura Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan gənclərini təmsil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramını təsdiq etmiş, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə fərman imzalamış, 2007-ci ili “Gənclər ili” elan etmişdir. Cənab Prezident İlham Əliyevin Gənclər Gününün 10-cu ildönümü ilə əlaqədar ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə müasir gəncliyin qarşısında duran vəzifələr bir daha müəyyən olunmuşdur.

Biz əminliklə deyə bilərik ki, Azərbaycan gənclər siyasəti bir nümunə modelidir. Məsələn, Azərbaycanda Gənclər Günü 1997-ci ildən keçirilir, dünyada isə 1999-cu ildən qeyd olunur. 2007-ci il Azərbaycanda “Gənclər ili” qeyd olunduqdan sonra 2009-cu il MDB-də “Gənclər ili” elan olunmuşdur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2007-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avropa Gənclər Forumunun Üzvlər İclasında iştirak etmək üçün 38 ölkədən 144 gənci Bakıda bir araya gətirdi. Avropa Gənclər Forumu Portuqaliyadan Azərbaycana qədər 99 beynəlxalq gənclər təşkilatını və milli gənclər şuralarını birləşdirən panavropa məkanının yeganə gənclər platformasıdır. İctimai rəyin formalaşmasında birbaşa iştirak edən Avropanın gənc liderlərinin əksəriyyəti ölkəmizə ilk səfərlərini etdilər. Bu tədbirin Avropa Birliyi, Avropa Şurası və BMT kimi mühüm qurumların diqqət mərkəzində olması bizim üçün tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini daha da artırdı. Avropa Gənclər Forumunun tarixində ilk dəfə idi ki, Üzvlər İclası Avropa Birliyindən kənar ölkədə keçirildi. Ən müxtəlif səviyyələrdə maneələrin yaradılmasına baxmayaraq, Avropa Gənclər Forumunun tam heyətlə Bakıya səfər etməsi Azərbaycan gəncliyinin Avropa məkanına inteqrasiyasının ən böyük uğurlarından biridir. Cənab Prezidentin Avropa Gənclər Forumunun Üzvlər İclasının işritakçılarına göndərdiyi məktub Azərbaycanda gənclərə və gənclər siyasətinə diqqətin ən yüksək səviyyədə olmasının göstəricisidir.

Hər bir gəncin inkişafı üçün ən vacib amil cəmiyyətdəki sabitlikdir. Gənc insan təhsilə yiyələndikdən sonra öz bilik və bacarıqlarından yararlanmaq imkanına malik olmalıdır. Sabitlik gələcək həyatın təməl sığortasıdır. Gənclərin inkişafı üçün vacib digər məsələ onların cəmiyyətdə iştirakıdır. Məhz cəmiyyət həyatında fəal iştirak gənclərdə məsuliyyət hissini və təşəbbüskarlığı artırır.

Gənc nəslin inkişafı və intellektual potensialı hər bir xalq üçün başlıca məsələdir. Çünki ölkənin gələcəyi indiki gənclərin həyat tərzindən, davranışından, yanaşmasından və intellektual potensialından asılı olacaqdır. Cənab Prezidentin davamlı inkişaf konsepsiyası “qara qızıl”ın “insan qızılı”na çevrilməsinə əsaslanan inkişafı təbliğ edir və intellektual potensialdan daha geniş istifadəyə yönəlib. Dövlət gənclərin həm informasiya texnologiyalarına, həm də dünyada mövcud olan yeni biliklərə yiyələnməsini dəstəkləyir və yeni imkanlar yaradır. Gənc nəslin təhsilə və elmə yiyələnmələrinə yönəlmiş dövlət proqramları, xüsusən də Azərbaycan gənclərinin dövlət hesabına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları dövlətimizin gəncliyə yüksək qayğısının təzahürüdür. Bu gün Azərbaycan gənclərin intellektual potensialının artırılmasına sərmayə qoymaqla ölkənin gələcək stabil davamlı inkişafını təmin etmək imkanı yaradır.

Gənclər hər zaman müstəqilliyi üstün tutublar. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin fəallığının yüksəldilməsindən çox asılıdır. Müstəqilliyin əbədi olması güclü dövlətçiliklə bağlıdır. Azərbaycan gəncliyi özünün lideri İlham Əliyevin rəhbərliyi ilə islahatların və strateji proqramların həyata keçirilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hərtərəfli tərəqqinin əldə olunmasına ciddi töhfələr verməkdədir. Bu gün gənclər beynəlxalq təşkilatlarda, qanunvericilik və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında bu düşüncəni tətbiq edirlər.

Gənclər innovativ düşüncə və yeniliyin tərəfdarlarıdırlar. Bu yanaşma gənclərin müxtəlif sahələrdə nailiyyətlərini şərtləndirir. Müasir Azərbaycan gəncliyi elm, təhsil, idman, incəsənət və mədəniyyət müsabiqələrində birincilik əldə edir, biznes, ictimai-siyasi karyerada nailiyyətlər qazanır, həkim, mühəndis, jurnalist kimi şərəfli peşələrin aparıcı mütəxəssisləri kimi tanınır, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini təbliğ edir.

İnkişafı gənclərsiz təsəvvür etmək çox çətindir. Biz gəncliyin parlaq zəkasını, təşəbbüskarlığını və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər etməliyik. Çalışmalıyıq ki, gənclərin potensialı bütün sahələrin inkişafına yönəlsin. Gənclər ölkəmizin inkişafından ilk növbədə öz fərdi istedad və bacarıqlarının inkişaf etdirilməsi, bilik səviyyələrinin yüksəldilməsi, sağlamlıqlarının qorunması üçün yararlanmalıdırlar. Gənclər ölkəmizdə sabitliyin qorunması, inkişafın sürətləndirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi üçün daima həmrəy olmalıdırlar. Gənclərin hədəfi davamlı inkişaf, rifah və tərəqqidir!


Fuad Muradov 
Millət vəkili
Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Əlaqə

Tel./Fax: (+99412) 564 90 13/14

fmuradov@fmuradov.az
www.fmuradov.az