Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunda millət vəkili, ARGTMŞ sədri Fuad Muradovun çıxışı
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası adından hər birinizi salamlayıram və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunun işində uğurlar arzulayıram. İnanıram ki, bu Forum Azərbaycanda gənclər işinin inkişafına və gənclər üçün yeni imkanların yaradılmasına dəyərli tövhələr verəcəkdir.
Əziz dostlar!
Mən sizin hər birinizi Beynəlxalq Gənclər Günü və Beynəlxalq Gənclər İli münasibətilə təbrik edirəm. BMT Baş Assambleyasının 18 dekabr 2009-cu il tarixli qətnaməsi ilə elan olunmuş Beynəlxalq Gənclər İlinin başlanma tarixi bütün dünyada xüsusi təntənəli, böyük ümid və təşəbbüslərlə qeyd edildi. 1985-ci il – Birinci Beynəlxalq Gənclər İlinin 25 illiyi ilə üst-üstə düşən bir ildə Azərbaycan gənclərinin öz fəallığı, təşəbbüskarlığı və real tövhələri ilə qlobal səviyyədə fərqlənəcəyinə inamımızı ifadə etmək istərdim.
Bütün bunlar bir daha gənclərimizin və ölkəmizdə gənclər işinin avanqard, innovativ və qlobal çağırışlara çevik münasibətini sübut edir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan gənclər siyasəti bir nümunə modelidir. Məsələn, Azərbaycanda Gənclər Günü 1997-ci ildən keçirilir, dünyada isə 1999-cu ildən qeyd olunur. 2007-ci il Azərbaycanda “Gənclər ili”, 2009-cu il MDB-də “Gənclər ili”, bu il isə Beynəlxalq Gənclər İli elan olunmuşdur.
Müasir Azərbaycan gənclərin dövlətidir. Həyatın bütün sahələrində gənclər xüsusi fəallığı ilə seçilir, cəmiyyətin məsul və şərəfli yükünü daşıyır. Ölkənin müdafiəsi kimi məsuliyyətli bir yük gəncliyin çiynindədir. Dünyanın hər yerində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsi, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Müasir dövrdə inkişaf edən və qüdrətlənən Azərbaycanda gənclər daha çox önəm daşıyırlar. İnkişafın sürətləndirilməsində gənclərin rolu şübhəsiz ki, danılmazdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin inkişafına böyük önəm verir və gəncləri dəstəkləyir. Gənclər Gününün 10-cu ildönümü ilə əlaqədar Cənab Prezidentin ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə müasir gəncliyin qarşısında duran vəzifələr bir daha müəyyən olunmuşdur.
Hörmətli Forum iştirakçıları,
Azərbaycanın müstəqillik tarixində ictimai sektorda ən uzunmüddətli konfederativ qurum olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 15 illik fəaliyyəti dövründə Dövlət Gənclər Siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, Azərbaycan gəncliyinin beynəlxalq aləmdə layiqli təmsilçiliyinin təmin edilməsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müəyyən uğurlar əldə etmişdir. Milli Şura Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan gənclərini təmsil edir.
Milli Şura gənclərin iştirak səviyyəsinin yüksəldilməsinə və gənclərin təşəbbüskarlığının artırılmasına böyük önəm verir. Bu gün gənclər ölkədə gedən bütün islahatların mərkəzindədir, gənclər həm fəal iştirakçılar, həm də yeniliyin və inkişafın tərəfdarlarıdırlar. Azərbaycan gəncliyi özünün lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların və strateji proqramların həyata keçirilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hərtərəfli tərəqqinin əldə olunmasına ciddi töhfələr vermişdir. Biz çalışmalıyıq ki, gənclərin enerji və potensialı bütün ölkə boyu və bütün sahələrdə inkişafa doğru islahatları sürətləndirsin və genişləndirsin.
İnkişafı gənclərsiz təsəvvür etmək çox çətindir, biz gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər etməliyik.
Əziz dostlar,
Bütün nailiyyətlərə baxmayaraq bizim görməli olduğumuz və görəcəyimiz çox iş var.
Milli mənsubiyyət, milli dəyərlər və mənəviyyat ən vacib və təxirəsalınmaz məsələlərdəndir. Milli mənsubiyyəti, kökü olmayan və ya onu inkar edənlər hərtərəfli şəxsiyyət kimi formalaşa bilməzlər. Müasir Azərbaycan gəncliyi mənsub olduğu milli mənsubiyyəti, milli dəyərləri, tariximizi, soy kökümüzü, mədəniyyətimizi qorumalı, inkişaf etdirməli və təbliğ etməlidir.
Əziz gənclər,
Bizim hər birimizin ən ağrılı və həssas məsələsi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırlmasında xaricdə yaşayan və təhsil alan gənclər xüsusi çəkiyə malikdirlər. əlbəttə, sizin tərəfinizdən həyata keçirilən təşəbbüsləri izləyirik və dəstəkləyirik. Amma bu məsələ hər bir Azərbaycanlı gəncin gündəlik vəzifəsindən ibarət olmalıdır.
Cəmiyyətimiz xaricdə təhsil alan tələbələrə ümid və inam bəsləyirlər. Dünyanın qabaqcıl təhsil müəssisələrinə ali təhsilə yiyələnən gənclik ölkənin gələcək insan kapitalı bazasını təşkil edərək, Azərbaycanımızın hər tərəfli inkişafının sürətlənməsinə xidmət edəcəklər. Ölkəmizin inkişafı ilə bağlı sizin fikirlərinin, təkliflərinin və təşəbbüsləriniz böyük önəm daşıyırlar. Xalqımızın rifah halının yüksəldilməsi üçün hamımız bərabər çalışmalıyıq!
Azərbaycan bizim doğma evimizdir! Biz onu qorumalı və inkişaf etdirməliyik!
Mən bir daha hər birinizi təbrik edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















