Xocalı Soyqırımının qurbanları Strasburqda anılmışdır
Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə iştirak etmək üçün 23-17 fevral 2011-ci il tarixdə Fransanın Strasburq şəhərində səfərdə olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə fevralın 25-də Strasburqdakı Avropa Parlamentlər Assosiasiyasının binasında ölkəmizin və türk diaspor təşkilatlarının, tələbələrimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş xocalılıların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Mərasimə toplaşanlara Xocalı soyqırımının, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair Heydər Əliyev Fondu tərəfindən müxtəlif dillərdə nəşr edilmiş əyani və videomateriallar təqdim olunmuş, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Tədbir boyu Xocalı soyqırımına dair fotostend və "Trend" informasiya agentliyi tərəfindən çəkilmiş "Sözün bitdiyi zaman" filmi nümayiş etdirilmişdir. Bundan əlavə, mərasim iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq kampaniya haqqında məlumat verilmişdir. Tədbirdə Milli Məclisin deputatı Fuad Muradov hökumətinin bu məsələni daim gündəmdə saxladığını, beynəlxalq ictimaiyyətin bu hadisələrə düzgün və obyektiv qiymət verməsi istiqamətində ciddi iş apardığını bildirmiş, bu işdə xaricdə təhsil alan azərbaycanlı tələbələrin də əhəmiyyətli rol oynaya biləcəklərini diqqətə çəkərək qeyd etmişlər ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Qanlı faciə ilə bağlı nümayəndəliyin hazırladığı mətbuat açıqlamaları Avropa Şurası Katibliyi, üzv ölkələrin nümayəndəlikləri və Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında paylanmışdır. Məlumatda bildirilir ki, Xocalı faciəsinə dair həqiqətləri Fransa ictimaiyyətinə çatdırmaq məqsədi ilə daimi nümayəndəlik tərəfindən "Elzasın son xəbərləri" qəzetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş məqalə çap edilmişdir. Mərasimin sonunda ehsan verilmişdir.
Fuad Muradov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM-in) Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə birgə təşkil etdiyi, Fransadakı Türk diaspor təşkilatlarının geniş dəstəyi ilə həyata keçirilmiş bir sıra görüş və anma mərasimlərində iştirak etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının mərkəzi qərargahında Avropa Şurası İnsan Haqqları üzrə komissarının köməkçisi Bojana Urumova ile görüşüblər. Görüşdə nümayəndə heyətinin üzvləri B.Urumova Dağlıq Qarabağ probleminin mahiyyəti, bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdiyi problemlər və onların pozulmuş insan hüquqlarını, eyni zamanda 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımla bağlı ətraflı məlumat veriblər. Nümayəndə heyətinin üzvləri Avropa Şurası İnsan Haqqları üzrə komissardan bu məsələ ilə bağlı prinsipial mövqe tutmağı və Azərbaycanın haqq işinin müdafiə olunmasını xahiş ediblər. Görüşdə Avropa Şurası İnsan Haqqları üzrə komissarın köməkçisi xanım B. Urumova komissarla birlikdə Azərbaycana növbəti dəfə səfər edəcəyini və bu məsələdə daima obyektiv olacağını bildirib. Xanın B. Urumovaya Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını tanıdan geniş məlumat və materiallar təqdim olunub.
Fevralın 26-da ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı Strasburq şəhərinin Kleber meydanında mitinq keçirib. Mitinqdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Strasburqda fəaliyyət göstərən Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
400-ə yaxın nümayəndənin qatıldığı tədbirdə bildirilmişdir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur.
Qeyd olunmuşdur ki, 26 fevral tarixində azğınlaşmış erməni quldur birləşmələri mənfur sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etmişlər.
Mitinqin sonunda Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətiçilərinin qanlı hərəkətlərini pisləyən, Xocalıya Ədalət Kampaniyasının şüarları istifadə olunmuş, ATXƏM-in hazırladığı bukletlət Strasburq ictimaiyyətinə paylanmışdır. Mitinqdə eyni zamanda Xocalı soyqırımının dünyada tanınması və bu soyqırıma dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi ilə bağlı bəyanat oxunmuşdur.
Mitinqdən sonra isə ATXƏM və Strasburq "Azərbaycan Evi"nin birgə təşkilatçılığı ilə Strasburq Barnanos Mərkəzində «Dağlıq Qarabağ problemi: Azərbaycan diasporunun və Türk dünyasının mövqeyi» mövzusunda konfrans keçirilmişdir. Konfransda Dağlıq Qarabağ probleminin bütün türk dünyasının ortaq problemi olduğu xüsusilə vurğulanaraq, bildirilmişdir ki, bu problemin dünya ictimayyətinə çatdırılması üçün bütün türk dünyası diaspor təşkilatlarının birliyi olduqca vacibdir.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















