Avropa Parlamentinin üzvlərinin Ağdam rayonuna səfəri
Millət vəkili Fuad Muradov Avropa Parlamentinin üzvləri ilə birlikdə iyulun 16-da Ağdam rayonuna səfər etmişdir.
Avropa Parlamentinin üzvləri Ağdam Rayon İcra Hakimiyyətində görüş keçirmiş, 2010-cu ilin noyabrında Quzanlı kəndi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbədə olmuşlar. Quzanlı qəsəbəsindəki 18 nömrəli məktəbə gələn qonaqlar Ağdam rayonunun işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoguşəyə baxmışlar. Erməni işğalı nəticəsində məcburi köçkünlərin üzləşdikləri çətinliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ərazisinin 73 faizi hələ də düşmən tapdağı altında olan Ağdam rayonu 6 min şəhid vermişdir.
Avropalı qonaqlar məcburi köçkün Oruc Cabbarov və Qarabağ əlili Fəxrəddin Rəhimovun mənzilləinə baş çəkmişlər. Sonra Avropa Parlamentinin üzvləri rayon mədəniyyət evində olmuşlar.
Qonaqları müşayiət edən Milli Məclisin deputatı Fuad Muradov bildirmişdir ki, son vaxtlar avropalı qonaqların cəbhə bölgəsinə səfərlərinin intensivləşməsi dövlətimizin və qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini gücləndirmələri ilə bağlıdır. İnanıram ki, bu səfərlər tezliklə öz nəticəsini verəcəkdir.
Səfərlə bağlı təəssüratlarını bölüşən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes bildirmişdir ki, 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş, 13 yaşlı Aygün Şahmalıyevanın isə ermənilərin təxribatı nəticəsində həlak olmaları xəbəri bizi çox təəssüfləndirmişdir. Uşaqların müharibə qurbanına çevrilməsi yolverilməzdir. Bu faciələri Avropa Parlamentində mütləq qaldıracağam. Çünki Azərbaycan xalqı qonaqpərvər və sülhsevər xalqdır, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Belçika Parlamentinin üzvü Alan Desteks isə Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, münaqişənin bu qədər uzanması bizi çox narahat edir. ATƏT-in Minsk qrupunun bu sahədə müsbət nəticə əldə edə bilməməsi təəssüf hissi doğurur.
Avropa Parlamentinin fransalı üzvü Qaston Franko qeyd etmişdir ki, biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Bugünkü səfərimiz zamanı bu problemin mahiyyəti ilə daha yaxından tanış olduq. Çox təəssüf edirəm ki, Azərbaycan böyük geosiyasi oyunların qurbanına çevrilmişdir. Avropa İttifaqı öz gücünü ortaya qoyaraq bu məsələnin ədalətli həllini dəstəkləməlidir. 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətli dəhşətli hadisədir və insanlığa ləkədir.
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Tel./Fax: (+99412) 564 90 13/14


















