2010-ci il 13 oktyabr tarixli iclasın stenoqramı
MİLLİ MƏCLİSİN İCLASI
2010-ci il 13 oktyabr tarixli iclası
F. Muradov. Hörmətli Sədr, hörmətli hökumət üzvləri! Hesab edirəm ki, builki büdcə fərqli ola bilərdi, çünki bütün dünyada bu gün böhrandır, istehsalat aşağı düşüb. Amma buna baxmayaraq, bizə təqdim olunan büdcə Azərbaycanın gücünü, qüdrətini bir daha göstərdi. Biz hamımız fəxr eləməliyik ki, belə bir şəraitdə Azərbaycanın büdcəsində ar-tım var və bizi narahat edən bütün istiqamətlərdə də çox böyük irəliləyiş var.
Bir neçə məsələyə toxunmaq istərdim. Bir neçə il bundan öncə biz “Gənclər siyasəti haqqında” Qanunu müzakirə edəndə Gənclər Fondunun yaradılması ideyası səslənmiş və həmin ideya qanuna salınmışdı. Mən çox istəyərdim ki, biz bu məsələyə baxaq. Təbii ki, bu gün Azərbaycan dövləti tərəfindən yaradılan QHT-lərə Dəstək Şurası, Elmin İnkişaf Fondu və digər fondlar var. Belə dövlət fondları nə qədər çox olsa, biz o qədər digər fondlardan asılılığı azalda bilərik və son nəticədə görülən bütün işlər məhz dövlət naminə olar.
İpoteka kreditləri ilə bağlı müxtəlif fikirlər var. Mən bildirmək istəyirəm ki, bu çox faydalı bir proqram oldu və xeyli gənc bundan yararlandı. Eyni zamanda, hesab edirəm ki, biz bunları davam etdirməliyik. Əsas problem ondan ibarətdir ki, bəzən ilkin ödənişlə bağlı problemlər yaranır. Ümumi faiz aşağıdır, məqbul faizdir, amma ilkin ödənişlərlə bağlı bir formul, düstur düşünə bilsək, mənə elə gəlir ki, faydalı olardı. Eyni zamanda, tikinti şirkətlərində də bununla bağlı müəyyən qədər durğunluq yaşanır. Əgər bunlar olsa, həm kiçik, həm də böyük sahibkarlığa müəyyən dəstək olar.
Təhsil sistemi ilə bağlı bir çox fikirlər var. Açığı, bu sistemlə bağlı suallar çoxdur. Burada həm maaşların artırıl-ması ilə, həm də yeni texnologiyanın tətbiqi ilə bağlı fikirlər söyləndi. Eyni zamanda, biz bunu da nəzərə almalıyıq ki, bu gün Azərbaycanda bir şagirdə düşən müəllimlərin sayı re-kord səviyyəsindədir. Deməli, biz maaşların artırılması ilə bərabər keyfiyyətə də baxmalıyıq. Təbii, heç kim istəməz ki, müəllimlər işsiz qalsın. Amma biz keyfiyyəti artırmaq istəyiriksə, bu məsələyə çox ciddi yanaşmalıyıq. Müəyyən attestasiyalar həyata keçirilməlidir və şagirdbaşına düşən müəllimlərin sayı Avropa standartına uyğun olaraq orta səviyyədə olmalıdır.
Oqtay müəllim, bu gün Azərbaycan, Bakı, demək olar ki, yenidən tikilir. Bütün dünyada gedən böhran şəraitində mədəniyyət obyektlərinin, səhiyyə və digər obyektlərin tikilməsi gələcəkdə Azərbaycan büdcəsinin inkişafına, başqa istiqamətdən gəlirlərin gəlməsinə şərait yarada bilər. Yəni mədəniyyət, səhiyyə obyektlərinin tikilməsi, infrastrukturun, yolların yaxşılaşdırılması son nəticədə büdcəyə digər mənbələrdən gəlir gəlməsinə gətirib çıxarır. Ona görə də bu gün bu proses gedir. Biz fikir versək, görərik ki, hətta ABŞ-da da əsrin əvvəlində məhz bu istiqamətdə görülən işlər bu gün bəhrəsini verir. Azərbaycan bu gün bu istiqamətdə öz işini davam etdirir. Hesab edirəm ki, bu çox düzgün, faydalı yoldur. Biz hamımız çalışmalıyıq ki, infrastruktur yaxşılaşsın, Azərbaycanda həm turizm, həm də digər sahələrə aid obyektlərin sayı çox olsun. Bu baxımdan biz gələcəkdə neftdən asılılığı bir az azalda bilərik.
Keçən dəfə büdcə müzakirə edilərkən diplomatik xərclərin artırılması ilə bağlı danışdıq. Hesab edirəm ki, biz bu məsələyə də baxa bilərik. Bu gün yeni səfirliklər, konsul-luqlar açılır. Bu da Azərbaycanın gücünü göstərir. Eyni zamanda, bizim diplomatik xidmətdə çalışan insanların yaşayış səviyyəsi də yüksək olmalıdır, çünki onlar Azərbaycanı təmsil edirlər, Azərbaycanın mövqeyini müdafiə edirlər. Mən çox xahiş edərdim ki, biz bu məsələyə bir də baxaq. Ümumiyyətlə, Azərbaycanın bu gün beynəlxalq təşkilatlarda nüfuzu artıb və Azərbaycan beynəlxalq əlaqələrini bu istiqamətdə inkişaf etdirir. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz yeni texnologiyalara böyük diqqət ayırmalıyıq. Mən büdcəni dəstəkləyirəm və hamınıza uğurlar arzulayıram.
Arxiv
| B. | B.e. | Ç.a. | Ç. | C.a. | C. | Ş. |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Əlaqə
Tel./Fax: (+99412) 564 90 13/14


















